Sentyabrın 21-də xocalıların kompakt şəkildə müvəqqəti məskunklaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət gəstərən Xocalı rayon Mədəniyyət evində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlmiş Xocalı rayonunun vətənpərvər ziyalısı, 20 gün erməni əsirliyində amansız işgəncələr görmüş Əliyev Arif Ədil oğlunun həyat və fəaliyyətindən, əsirlik həyatından bəhs edən filmin nümayişi oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan sənədli filmin təqdimat mərasimində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov, Flora Qasımova, filmin qəhrəmanı və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Sənədli filmin layihə rəhbəri “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, ssenari müəllifi və rejissoru İlham Cəmiloğludur.
Məlumat verilib ki, Arif Əliyev 12 mart 1942-ci ildə DQMV-nin Kosalar kənd sovetliyinə tabe olan Qaragav kəndində dünyaya göz açmışdır.
Əvvəlcə doğma Kosalar kənd məktəbində təhsil alan Arif 1959-cu ildə Şuşa şəhər 4 nömrəli orta məktəbi, 1961-ci ildə Şuşa şəhər pedaqoji texnikumunu bitirərək üç il ərzində Xocavənd rayonu Aşan kəndində, Xocalı rayonu Daşbulaq və Kosalar kənd məktəblərində müəllim işləmişdir.
İstək və həvəsi gənc, istedadlı Arifin yolunu Bakı şəhərinə saldı. O, 1963-1969-cu illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində təhsil alaraq dilçi-filoloq ixtisasına yiyələndi. Arif Əliyev BDU-də Bəxtiyar Vahabzadə, Mir-Cəlal Paşayev, Ağamusa Axundov kimi elm fədailərindən dərs almışdır.
Təşkilatçılıq qabiliyyəti nəzərə alınan Arif müəllim dövlət qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. O, 1964-cü ildən 1972-ci ilədək Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləmişdir. Bu illərdə Arif müəllim həm də Xankəndi Pedaqoji İnstitutunda müəllimlik etmişdir. Erməni millətçilərinin əhatəsində işləyən Arif müəllim Xankəndi şəhərində “Qönçələr” adlı ədəbi dərnək yaratmış, poeziyaya, yaradıcılığa meyli olan xeyli istedadlı azərbaycanlı gənci bu dərnəkdə toplamış, onların üzə çıxarılmasında, istedadlarının inkişaf etdirilməsində və tanınmasında böyük rol oynamışdır. Arif müəllimin öz şeirləri müntəzəm olaraq “Azərbaycan”, “Ulduz”, “Ədəbi Azərbaycan” jurnallarında, almanaxlarda, respublika qəzetlərində və “Dünyamız, az göyərin” kitabında nəşr olunmuşdur.
Arif müəllim 1972-1974-cü illərdə doğma Kosalar kəndində Ü.Hacıbəyov adına kolxozun idarə heyətinin sədri seçilmişdir. O, 1974-cü ildən yenidən Xankəndi şəhərinə qayıdaraq 1974-1977-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin təşkilat şöbəsinin təlimatçısı, 1977-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir.
Daim erməni millətçilərinin əhatəsində gərgin vəziyyətdə işləyən Arif müəllimin bundan sonrakı işi daha ağır, daha çətin oldu. Belə ki, o, 1980-ci ilin martından Azərbaycan Kommunist Partiyası Ağdərə rayon Komitəsinin ikinci katibi seçilmişdir. 1981-1985-ci illərdə Arif müəllim Bakı Ali Partiya Məktəbində təhsil alaraq partiya siyasi işi ixtisasına yiyələnmişdir. Ümumiyyətlə, bu insan daim yenilikləri öyrənməyə meyl etmişdir. 1965, 1970, 1975, 1980, 1986-cı illərdə Bakı Ali Partiya Məktəbinin kurslarında, 1977-1979-cu illərdə Moskva şəhərində keçirilən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin seminarlarında iştirak etmişdir.
Arif müəllim Ağdərə rayonunda işləyərkən vəzifədə olan erməni millətçilərinin daim azərbaycanlılara qarşı ögey münasibətlərini görmüş, bu şovinistlərə qarşı mübarizə aparmış, azərbaycanlı əhaliyə arxa-dayaq olmuşdur. Məlum olduğu kimi erməni millətçiləri 1988-ci ildən başlayaraq açıq şəkildə separatçılığa başladılar. Belə ağır, çətin şəraitdə Arif müəllim 1991-ci ilin sentyabrına qədər bu vəzifədə işləmişdir. Erməni terrorçuları hətta onu 10.09.1990-cı il tarixdə girov götürmüş, aparılan danışıqlar nəticəsində iyirmi gündən sonra girovluqdan azad etmişlər. Bu rayondakı zərbaycanlıların vəziyyətini dərk edən Arif müəllim yenə də bu rayonda qalmış, əvvəlcə Ağdərə rayonu Sırxavənd Ərazi Partiya Komitəsinin birinci katibi, sonra isə 01.08.1992-ci ilə qədər Sırxavənd Ərazi İcraiyyə Komitəsinin və Müdafiə Şurasının sədri vəzifələrində işləmişdir. Arif Əliyev Qarabağ müharibəsi veteranıdır.
Bu illərdə öz müstəqilliyini yenicə qazanmış Azərbaycana təcrübəli kadrlar hava, su kimi lazım idi. Bu dövrdə Arif müəllimin də potensialından istifadə olundu. Belə ki, Arif müəllim 01.08.1992-ci il tarixdən 10.02.1993-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Səlahiyyətli Nümayəndəliyinin aparatında Milli Münasibətlər Şöbəsinin müdiri vəzifəsində, 1993-1999-cu illərdə Xocalı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəis müavini vəzifəsində, 1999-cu ildən Xocalı rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi, 2000-ci ildən isə həmin şöbənin müdiri vəzifəsində işləmiş, 2009-cu ildən təqaüdə çıxmışdır.
Arif müəllimin çəkdiyi zəhmət hədər getməmiş, 1982-ci ildə “Şərəf nişanı” ordeni, 2008-ci ildə isə üçüncü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
"Daş yağışı və sonra" adlı poemasında Arif Əliyev 20 günlük əsirlik həyatında çəkdiyi məşəqqətləri qələmə alıb.
Yazı işlənir...................